C.Cabbarlı 44, Caspian Plaza II korpus, 3-cü mərtəbə info@bonamente.az +99412 594 22 08, +99450 3440443
  • Azərbaycan
  • English
  • Русский

 MÖVZU: İSTEHLAKÇI HÜQUQLARIN MÜDAFİƏSİ  

  İSTEHLAKÇILARIN ŞƏXSİ QEYRİ-ƏMLAK HÜQUQLARININ QORUNMASI  

  1. Istehlakçı hüquqlarının yaranma tarixi:

Istehlakçı hüquqlarının müdafiəsi hərəkatı ilk dəfə Amerikada yaradılıb.

İlk dəfə, istehlakçı hüquqları ABŞ Prezidenti – C.Kennedi tərəfindən 1962-ci ildə verilən “İstehlakçıların hüquqlarının müdafiəsinə dair Bəyanat”ında: seçim etmək hüququ; təhlükəsizlik hüququ; məlumat almaq hüququ; eşidilmək hüququ elan olunmuşdur.

İSTEHLAKÇILARIN ŞƏXSİ QEYRİ-ƏMLAK HÜQUQLARININ QORUNMASIAvropa Birliyi “istehlakçı hüquqlarını” 1975-ci ildə bəyan etmişdir: istehlakçının sağlamlıığı və təhlükəsizliyinin müdafiəsi hüququ; istehlakçıya dəyən zərərin ödənilməsi hüququ; istehlakçının təmsil etmək hüququ.

BMT çərçivəsində 1985-ci ildə “İstehlakçı hüquqlarının müdafiəsinə dair” Rəhbər Prinsiplər qəbul olunmuşdur: əsas tələbatların ödənilməsi hüququ; əlverişli ətraf mühitdə yaşamaq hüququ; təhlükəsizlik hüququ; istehlakçıya dəyən zərərin ödənilməsi hüququ.

  1. Azərbaycan qanunvericiliyində istehlakçıların şəxsi qeyri-əmlak hüquqları ilə bağlı müddəalar:

Azərbaycan Respublikasının Konstitusiyasında aşağıdakı maddələrdə təsbit olunan əsas insan və vətəndaş hüquqlarını istehlakçıların şəxsi qeyri-əmlak hüquqları ilə əlaqələndirmək olar:

  • 27-ci Maddə – Hər kəsin yaşamaq hüququ;
  • 31-ci Maddə – Hər kəsin təhlükəsiz yaşamaq hüququ və qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına qəsd etmək qadağan edilməsi;
  • 39-cu Maddə – Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ;
  • 41-ci Maddə – Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ.

«İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» 1995-ci il tarixli Qanunun 12-ci maddəsində istehlakçıların  hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyanın təqsirkar tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir.

Mənəvi ziyanın ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla, hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.

  1. Mənəvi zərərin (ziyanın) mahiyyəti:

İnsanların şəxsi qeyri-əmlak hüquqları pozularkən mənəvi zərərin ödənilməsi məsələsi ortaya çıxır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin (istehlakçı hüquqlarında istehsalçının (icraçının, satıcının)) hərəkətlərindən sonra zərərçəkmişin (istehlakçının) şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya (fiziki və mənəvi iztirablara) səbəb olur. Məlumdur ki, mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. İstehlakçı hüquqlarında isə mənəvi ziyanın iqtisadi məzmunlu olmasına yol verilir. İstehlakçı hüquqlarının qorunmasında mənəvi ziyanın miqdarı əksər hallarda pul ilə ölçülür. Mənəvi ziyanın miqdarını müəyyən edərkən məhkəmələr tərəfindən hər bir işə fərdi olaraq yanaşılmalı, istehlakçıya vurulmuş mənəvi və fiziki sarsıntıların xarakteri və dərəcəsi, habelə mənəvi ziyanın ödənilməsi üçün cavabdehin real imkanları və sonradan məhkəmə qərarının icrasının mümkünlüyü qiymətləndirilərək nəzərə alınmalıdır.