C.Cabbarlı 44, Caspian Plaza II korpus, 3-cü mərtəbə info@bonamente.az +99450 3440443
  • Azərbaycan
  • English
  • Русский

 MÖVZU: BANK HÜQUQU  

  AZƏRBAYCAN BANK SİSTEMİNDƏ ƏLAVƏ KREDİT KARTININ TƏTBİQİ  

Məlum olduğu kimi, banklar tərəfindən müştərilərə təqdim olunan məhsul və xidmətlər arasında kredit kartları xüsusi çəkiyə malikdir.  Kredit kartları verilərkən müştəri ilə bank arasında tərəflərin qarşılıqlı hüquq və vəzifələrini (öhdəliklərini) müəyyənləşdirən yazılı kredit kartı müqaviləsi bağlanır. Eyni zamanda, kredit kartı sahibinə öz arzusu ilə ona ayrılmış kredit kartı limiti həcmində üçüncü şəxslərin (əsasən ailə üzvləri, qohumları, yaxın tanışları və s.) adına əlavə kart sifarişi etmək imkanı verilir. Adına əlavə kredit kartı sifarişi olunmuş şəxs əlavə kredit kart istifadəçisi adlanır. Bu baxımdan əlavə kredit kartının mövcudluğu və etibarlılığı birmənalı kredit kartının mövcudluğu və etibarlılığı ilə əlaqədardır. Kredit kartı sahibi, əlavə kart istifadəçisinin limitini həm nağd, həm də nağdsız əməliyyatlar baxımından sərbəst müəyyən edir.

 

Azərbaycan bank sistemində əlavə kredit kartının tətbiqi
Burada önəmli olan (1) əlavə kredit kart istifadəçisinin kredit kartı hesabı üzrə hər hansı bir sərəncamvermə səlahiyyətinin olmaması; (2) sadəcə onun adına verilmiş əlavə kartdan nağd və ya nağdsız bank əməliyyatlarının edilməsi üçün istifadə etməsi imkanına malik olması; (3) kredit kartı sahibinin həm öz kredit kartı, həm də əlavə kredit kartı üzrə edilən bank əməliyyatları üçün bank qarşısında öhdəlik daşımasıdır. Bir sözlə, hər iki kart üzrə edilən bank əməliyyatları üzrə yaranmış və ya yaranacaq müvafiq borcun ödənilməsi kredit kartı sahibi tərəfindən təmin olunmalıdır. Bank əlavə kredit kartı istifadəçisindən borcun ödənməsini tələb edə bilməz. Çünki adına əlavə kredit kartı verilməsinə baxmayaraq əlavə kredit kartı istifadəçisi və bank arasında kredit kartı və bank hesabı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud deyildir.

Həmçinin əlavə kredit kartı istifadəçisinin kredit kartından istifadə zamanı yaranacaq problemlərlə (məsələn, ATM-dən pul vəsaiti çəkilişi zamanı pulun sıxışması və ya ATM-dən pulun texniki nasazlıqlardan dolayı müştəriyə verilməməsi, alış-veriş zamanı POS-larda aparılan əməliyyatlar haqqında məlumat dəqiqləşdirməsi, ATM-də kartın PİN-kodunun düzgün daxil edilməməsi zamanı bloklanlanması və s.) bağlı  banka etdiyi müraciəti müsbət cavablandırılmır və ona izah edilir ki, banka kredit kart sahibi tərəfindən müraciət edilməlidir. Halbuki, əlavə kart istifadəçisi nəticə etibarilə bankın emissiya etdiyi kredit kartının, başqa sözlə, bankın məhsulunun istifadəçisidir.  Bu hal qüvvədə olan qanunvericiliklə dəqiq tənzimlənmədiyindən bankların bu kart istifadəçilərinə müştəri olaraq qəbul etməməsi göz qabağındadır. Ancaq unutmaq olmaz ki, bank qanunvericiliyində bu hal xüsusi tənzimlənməsə də, əlavə kart istifadəçisi bankın təqdim etdiyi məhsul – yəni, kredit kartının istifadəçisi və nəticə etibariylə bankın maliyyə xidmətlərindən istifadə etmiş və ya edən bir istehlakçıdır. Bu halda, istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması müzakirə predmetinə çevrilə bilər.

Mövzunun davamı olacaqdır……